Iyunun 11-də Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) və “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin (EHM) təşkilatçılığı ilə “Avro yanacaq standartlarına keçid: mərhələlər və gözləntilər” mövzusunda konfrans keçirib. Konfransı giriş sözü ilə AAMİK-in sədri Vahid Qazi açaraq, “Avro” yanacaq standartlarına keçidlə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar barədə tədbir iştirakçılarına qısa məlumat verib. Bildirib ki, hökumətin qərarı ilə 2010-cu ilin iyul ayının 1-dən etibarən ölkəmizdə “Avro 1” və “Avro-2” standartlarının tətbiqi qərara alınıb: “Bu qərarla ölkədə daha yüksək “Avro” yanacaq standartlarına keçidin planlaşdırılması nəzərdə tutulur. Ətraf mühitin mühafizəsinə və insan sağlamlığına xidmət edəcək bu mütərəqqi qərarın iqtisadiyyata, əhaliyə təsiri, Avro standartlarına keçidin təsirinin yumşaldılması kimi məsələlər vətəndaş cəmiyyətini narahat edir. Hökumət rəsmilərinin məlumatlarından görünür ki, “Avro-1” və “Avro-2” standartlarına keçidin ölkə iqtisadiyyatına, əhalinin iqtisadi və sosial durumuna ağrılı təsiri olmayacaqdır. Lakin bu standartların tətbiq edildiyi ölkələrin təcrübəsi göstərir ki, daha yüksək standartlara keçid müəyyən iqtisadi və sosial problemlər yaradır. Məhz buna görə AAMİK “Avro-1” və “Avro-2” standartlarına keçid üzrə görülən tədbirlər, həmçinin gələcəkdə “Avro-3-6” standartlarına keçidlə bağlı gözləntiləri müzakirə etmək, bu barədə məlumatı geniş ictimaiyyətə çatdırmaq üçün belə bir konfrans təşkil edib”.
“Ekoleks” EHM-in direktoru Sevil İsayeva da açılış nitqində əhalinin Avro standartlarına keçid, bu standartların nədən ibarət olması barədə maarıflənməsinə ehtiyac yarandığını bildirib. Qeyd edib ki, cəmiyyətin çox az bir qismində “Avro-1” və “Avro-2” standartları haqqında təsəvvür var.
Ekoloq, AAMİK üzvü Samir İsayev “Avro yanacaq standartlarına keçidin mərhələləri: Avropa, Müstəqil Dövlətlər Birliyi təcrübəsi və Azərbaycanın səyləri” mövzusunda geniş məruzə ilə çıxış edib. O, “Avro-1” və “Avro-2” standartlarına keçidin çox mütərəqqi bir qərar olduğunu vurğulayaraq, bunun məhz 2010-cu ildə-Ekologiya ilində baş verməsini əlamətdar hadisə adlandırıb: “Azərbaycan 2002-ci ildə Cenevrə sazişinə qoşulub. Bununla da sazişə qoşulan 46 ölkədəki mövcud sertifikatlaşdırmanı biz də qəbul etmiş olduq. Elə həmin il Azərbaycan Respublikasının nazirlər kabineti tərəfindən sertifikatlaşdırma qaydaları təsdiqlənib. Amma təəssüflər olsun ki, belə bir mühüm sənədin işlək mexanizmi yoxdur. Ümumiyyətlə bu standartların nədən ibarət olması barədə əhalidə dolğun məlumat yoxdur. Bütün bunlar da cəmiyyətdə müəyyən çaşqınlıqlar yaradır. Vətəndaş hələ də bilmir ki, yeni standartların tətbiqi nəticəsində Azərbaycana idxal edilən hansı avtomobillərə qadağalar qoyulacaq? Bu standartların tələbatına hansı avtomobillər cavab verir? Bu kimi suallar cavablandırılmalıdır. 20 gündən sonra qüvvəyə minəcək mühüm bir qərarla bağlı maarifləndirmə işləri aparılmalıdır. Azərbaycan hökumətinin bu qərarı xoşməramlı olsa da bir sıra ölkələrdə Avro standartlarına keçid fəsadlarla müşayiət olunub. Hər bir ölkə özünəuyğun şəkildə bu qərarı tətbiq edib. Məsələn Özbəkistanda bu standartlar yalnız yük avtomobillərinə tətbiq edilib. Rusiyada, Ukraynada isə bu sahədə vəziyyət tamamilə başqa cürdür. Ona görə də bu standartlar Azərbaycan reallığına uyğun tətbiq edilməlidir. Bu standartların tətbiqindən vətəndaşlar əziyyət çəkməməlidirlər. Əgər bizim cəmiyyət bu gün standartlara keçidə hazır deyilsə, yaxşı olardı ki, bunun tətbiqi vaxtı uzadılsın. Düşünürəm ki, hər şeydən əvvəl Azərbaycanda “Avro-1” və “Avro-2” standartlarına uyğun yanacaq istehsal etmək üçün yeni zavodlar tikilməlidir”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Sadiq Abdullayev “Avro-1” və “Avro-2” standartlarına keçidlə bağlı nazirlər kabinetinin məlum qərarından sonra ölkədə fəaliyyət göstərən bir sıra dövlət qurumlarının iştirakı ilə müzakirələrin aparıldığını diqqətə çatdırıb. Deyib ki, 2010-cu ilin yanvar ayından etibarən aparılan müzakirələrdən sonra Avro standartlarına keçid üçün tədbirlər planı hazırlanıb: “Bu planda standartlara uyğun yanacaq istehsalı, o cümlədən ölkəyə gətirilən avtomobillərin vəziyyəti ilə bağlı normativlər öz əksini tapıb. Bu sahədə Avropa Birliyi iqtisadi komissiyasının standartları Azərbaycanın milli standartları kimi qəbul edilib. Standartların tətbiqindən sonra ölkəyə gətirilən avtomobillər dövriyyəyə buraxılmazdan əvvəl müəyyən yoxlamalardan keçəcək. Hazırda Azərbaycanda mövcud olan avtomobillərə isə uyğunluq sertifikatları veriləcək. Təbii ki, bu da yalnız müəyyən yoxlamalardan sonra olacaq. Bu yoxlamaları, sınaqları keçirəcək laboratoriyalara da müəyyən tələblər qoyulub. Beləki həmin laboratoriyalar Avropa standartlarına tam uyğun olmalıdırlar. Bütünlüklə bu sahədə aparılan işlərdə bir sıra xarici ölkələrin təcrübəsindən yararlanırıq”.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev “Avro yanacaq standartlarına keçid üçün texniki imkanlar və ətraf mühitə təsirin azaldılması” mövzusunda məruzə edib. Bildirib ki, insanlar tərəfindən təbiət qanunlarının pozulması, xüsusən də ətraf mühitin çirkləndirilməsi son nəticədə bütün bəşəriyyətə fəlakət gətirir. O, ətraf mühitin çirklənməsində atmosferə atılan qazların rolunun daha çox olduğunu söyləyib: “Əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da pul qazanmaq xatirinə təbiətə ögey münasibət göstərilir. Azərbaycanda fəaliyyət göstərən zavodların çoxu, o cümlədən də neft emal edən zavod Avropa standartlarına cavab vermir. Ekologiyanı həddən artıq çirkləndirir. Belə olan halda ölkədə Avro standartlarının tələbatına uyğun yanacaq istehsal etməkolarmı? Mən düşünürəm ki, əvvəlcə yeni, müasir zavodlar yaradılmalıdır. Digər tərəfdən qeyd edilən sahədə kifayət qədər kadrların çatışmazlığı da özünü göstərir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Sadiq Şirəliyev isə çıxışı zamanı “Avro-1” və “Avro-2” standartlarına keçidin Azərbaycanda vaxtı çatmış məsələ olduğunu bildirməklə kifayətlənib.
Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Emin Alxaslı ölkəmizdəistehsal olunan yanacaq məhsullarının keyfiyyətindən söhbət açıb. Bildirib ki, ölkədə istehsal olunan avtomobil yanacağı “Avro-2” standartının tələbi səviyyəsindədir. O, gələcəkdə daha yüksək Avro standartına uyğun yanacağın hazırlanması üçün ABŞ şirkətinin köməyi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda rekonstruksiya işlərinin həyata keçirildiyini də bildirib.
İqtisadçı ekspert, AAMİK üzvü Vüqar Bayramov “Avro yanacaq standartlarına keçidin iqtisadi və sosial gözləntiləri” mövzusunda məruzə edib. O, yeni standartların tətbiqini uğurlu bir hadisə kimi qiymətləndirərək, bunun gələcəkdə yeni va daha yüksək standartların tətbiqinə təsir edəcəyini vurğulayıb: “Ümumilikdə götürdükdə Avro standartlarının tətbiqi xərc tələb edən məsələdir. Çünki belə halda köhnə avtomobillərin istifadəsinə qadağa qoyulur və Şərqi Avropa ölkələrində olduğu kimi həmin avtomobil sahiblərinə müəyyən konpensasiyalar verilir. Azərbaycanda isə bu standartlar ilkin mərhələdə ölkəyə gətirilən yeni avtomobillərə tətbiq ediləcək. Müəyyən vaxt keçdikdən sonra ölkə daxilindəki avtomobillər də bu standartlara uyğunlaşdırılacaq. Bu standartların reallaşdırılması avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Düşünürəm ki, ölkəyə gətirilən avtomobillərin qiymətində artım olacaq. Ancaq bütün hallarda bu layihənin tətbiqi müsbət qarşılanmalıdır”.
Dövlət Yol Polis İdarəsinin əməkdaşı Vahid Əliyev ölkədəki avtomobil artımından, və həmin avtomobillərin istismar vəziyyətindən danışıb. Qeyd edib ki, son beş ildə ölkədəki avtomobillərin sayı 1,7 dəfə artıb: “İqtisadi durum yaxşılaşdıqca əhalidə avtomobilə olan maraq da artır. Bunu statistik rəqəmlər də sübut edir. Beləki 1988-ci ildən bu yana ölkədəki avtomobillərin sayı 4 dəfə artaraq 950 mini keçib. Bu avtomobillərin heç də hamısı ekoloji baxımdan yararlı deyil. Həmin avtomobillərdən 650 minə yaxınının istismar vəziyyəti Avropa standartlarının tələbinə uyğun deyil. Bunlar əsasən 1960-70-80-ci illərdə istehsal olunan avtomobillərdir. Elə bunun nəticəsidir ki, ekoloji çirklənmənin sayına görə avtomobillərin buradakı çəkisi 87 faizi təşkil edir. Məhz buna görə də DYP öz səlahiyyətləri çərçivəsində ekoloji çirklənmənin qarşısının alınması istiqamətində iş aparır. Onu da qeyd etməliyəm ki, inkişaf etmiş ölkələrdə istehsal olunan və 1996-cı ildən etibarən ölkəmizə gətirilən minik vasitələri “Avro-2” standartlarına cavab verir. MDB məkanında istehsal olunan avtomobillərdən isə yalnız 2003-cü ildə buraxılanları həmin standartların tələbatına uyğundur”.
Konfransda çıxış edən digər iştirakçılar da Avro yanacaq standartlarına keçidin ölkənin ətraf mühitinin mühafizəsi və insanların sağlamlığı üçün əhəmiyyətindən danışıblar.
Geri