Oktyabrın 15-də Azərbaycan
Avrointeqrasiya Milli İctimai Komitəsinin
(AAMİK), Rumıniyanın Azərbaycanda səfirliyinin (NATO ilə əlaqələndirici səfirlik)
və Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) təşkilatçılığı
ilə "Azərbaycan Avroatlantik məkanda: inteqrasiyanın prioritetləri və
reallıqları" mövzusunda konfrans keçirilmişdir.
ATMİA prezidenti Yaşar Cəfərli Azərbaycanın
Avroatlantik məkana inteqrasiyasının vacib proses olduğunu bildirdi. Onun sözlərinə
görə, həm NATO, həm də Avropa Birliyi ilə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşdirilməsi
ölkənin demokratik, iqtisadi və təhlükəsizlik təminatı baxımından inkişafına səbəb
olacaq. AAMİK-in sədri Ülvi İsmayıl isə demokratiyanın ən yaxşı müdafiə olması
barədə kəlamı xatırladaraq Azərbaycanın AB və NATO ilə əməkdaşlığının
sıxlaşmasını ölkənin təhlükəsizliyinin təminatı baxımından zəruri hesab etdi.
MM üzvü Asim Mollazadə NATO və AB-nin
demokratiyanın, iqtisadiyyatın inkişafında, insan hüquqları sistemində rolundan
danışdı və bildirdi ki, son illərdə həyata keçirilən rəy sorğularının əksəriyyəti
göstərir ki, Azərbaycan xalqının böyük hissəsi öz gələcəyini MDB, islam
dünyasında deyil, Avroatlantik məkanda görür. Onun sözlərinə görə, Azərbaycanın
ikişaf yolu NATO-nun dəyərlər sisteminə inteqrasiyadan ibarətdir. "Biz istəyərdik
ki, bu yolda daim islahatlar həyata keçirilsin və ölkəmiz alyansa tam
inteqrasiya olunsun". Eyni zamanda o bildirdi ki, NATO-nun Buxarest
sammitinin nəticələrinə görə Ukrayna və Gürcüstan Üzvlük Fəaliyyət Planı (MAP)
almamasının ardınca bölgədə ciddi, kəskin problemlər yarandı. "NATO -
Rusiya, ABŞ-Rusiya arasında yaranmış problemlər Cənubi Qafqaz regionunu qurbana
çevirdi. Gürcüstanın başına gələnlər hamının yadındadır. Bu səbəbdən istəməzdik
ki, NATO ilə sıx əməkdaşlığımız bizim üçün hansısa cəza mexanizminə
çevrilsin", - deyə o bildirdi.
A.Mollazadə Azərbaycanın NATO ilə bütün əməkdaşlıq
proqramlarında fəal iştirak etdiyini xatırlatdı. Millət vəkili Rusiyanın
postsovet məkanında fəaliyyətinə toxunaraq qeyd etdi ki, bir sıra ölkələrin -
Gürcüstan, Moldova, Azərbaycanın Avroatlantik məkana strateji inteqrasiyası əleyhinə
proseslər baş verir. O, Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ
münaqişələrinin bu məqsəd üçün davam etdiyini qeyd etdi.
Rumıniya səfiri Nikolae Ureke bildirdi ki, bu
gün Avropa dəyərlərinin kökündə insan hüquqlarının həlli, münaqişələrin
nizamlanması, iqtisadi inkişaf və azadlıq durur. "Avroatlantik tərəfdaşlıq
iqtisadi inkişaf, çiçəklənmə, sabitlik gətirir. Bu gün Rumıniya Avropa
Birliyində sabitliyin bərqərar olması və müdafiə imkanlarının güclənməsi üçün
çalışır". Rəhbərlik etdiyi diplomatik qurumun artıq iki ildir NATO-nun Azərbaycanla
əlaqələndirici səfirlik funksiyasını yerinə yetirdiyini xatırladan səfir bu
prosesin növbəti 2 il ərzində də davam edəcəyini bildirdi. "Rumıniya və
Avroatlantik inteqrasiya" adlı məruzə ilə çıxış edən N.Ureke bildirdi ki,
1986-cı ildə Rumıniyada baş vermiş inqilab ölkənin perspektivinin Avropa
Birliyi və NATO ilə sıx əməkdaşlıqda olduğunu qətiləşdirdi. "Biz bu yolda
bir çox əngəlləri dəf etdik, islahatlar prosesi başlandı. Əsas diqqət
demokratik inkişafa, iqtisadiyyatın güclənməsinə, insan haqlarının müdafiəsinə
və təhlükəsizlik islahatlarının sürətlənməsinə yönəldi. 2002-ci ildə
Rumıniyanın NATO-ya qəbulu onun müdafiə və təhlükəsizlik sahəsində əsas hədəfinin
gerçəkləşməsi idi. Rumıniya NATO-ya inteqrasiya çərçivəsində götürdüyü öhdəlikləri
uğurla yerinə yetirdi və bu proses indi də davam edir", - deyə o bildirdi.
AB Azərbaycan təmsilçiliyinin başçısı Roland
Kobiya "Avropa Birliyi - NATO əməkdaşlığı: daima güclənən tərəfdaşlıq"
adlı məruzəsində bu iki qurum arasında vaxtilə problemlərin olduğunu, amma indi
isə onların tərəfdaşlıq münasibətləri qurduğunu söylədi. Bu tərəfdaşlığın hədəfi
ümumi sülhün qurulması və təhlükəsizliyin təmin olunmasıdır. Diplomat bildirdi
ki, NATO-nun Yeni Strateji Konsepsiyasının qəbulu ilə AB ilə yeni münasibətlərin
qurulma mərhələsinə qədəm qoyulacaq. Onun sözlərinə görə, son illər AB-də müəyyən
dəyişikliklər varsa, NATO da dəyişib. Alyansın müdafiə imkanlarının və mülki əməliyyatlarının
təkmilləşdirilməsi, tərəfdaşlarla münasibətlərin sıxlaşması müşahidə olunur.
Onun sözlərinə görə, AB NATO ilə təhlükəsizliyin təminatı, sülh naminə əməkdaşlıq
məsələlərində əməkdaşlığı gücləndirəcək.
Suallara cavabında Kobiya Türkiyə ilə AB
arasında münasibətlərə də toxundu. O bildirdi ki, Türkiyə çox vacib ölkədir.
"AB-yə üzvlük prosesi yönündə danışıqlar davam edir", - deyə o
bildirdi.
"Avroatlantik məkan və Azərbaycanın təhlükəsizlik
prioritetləri" mövzusunda çıxış edən politoloq Rasim Musabəyov AB
prioritetləri arasında demokratikləşmə, hüquqların təmin olunması və
iqtisadiyyatın inkişafı kimi məsələlərin olduğunu və Azərbaycanın bu istiqamətlərə
sarı hələlik irəlilədiyini qeyd etdi. "Bir vaxtlar bizdə sosializm
qurdular. Biz düşündük ki, AB gəlib bizim üçün müasir kapitalizm quracaq. Amma
baş vermədi. Baş verənlər göstərir ki, bu heç də olmayacaq" deyən ekspert
qeyd etdi ki, 08.08.08 tarixində baş verən proseslər Cənubi Qafqazda vəziyyəti
çətinliyə doğru tamamilə dəyişdi. "Gürcüstan, Ukrayna, Moldovanın NATO-ya
üzvlük məqsədləri Rusiya tərəfindən sərt qarşılandı. Həyat göstərdi ki,
qarşılarına NATO-ya üzvlük məqsədi qoyanlar ciddi risklərlə qarşılaşırlar. Bu
baxımdan Azərbaycan vəziyyəti nəzərə almağa məcbur oldu. Bu gün ölkədə
insanların fikirləri reallığa doğru dəyişir. İnsanlar artıq başa düşməyə
başlayıblar ki, ölkənin gələcəkdə alyansa daxil olması ehtimalı yoxdur", -
deyə o bldirdi.
Eyni zamanda, ekspert bu gün Azərbaycan
Silahlı Qüvvələrində NATO standartlarının tətbiq olunmasında ciddi problemlər
olduğunu dilə gətirdi. Onun sözlərinə görə, əgər ordu normal şəraitdə ölkənin təhlükəsizliyinin
qorunması üçün lazımdırsa, Azərbaycanda valideynlər orduya övlad verməyə
qorxur: "Bizdə ordudaxili təhlükəsizliyin olmaması problemi var", -
deyə o qeyd etdi.
R.Musabəyov hesab edir ki, Azərbaycanda
NATO-nun cəlbediciliyi artırılmalıdır. Bunun üçün orduda ciddi islahatlar həyata
keçirilməli, Türkiyə ilə hərbi-siyasi əməkdaşlıq məsələlərində mühüm addımlar
atılmalıdır.
Politoloqun sözlərinə görə, 5-6 il öncə AB-nin
"Qonşuluq siyasəti" adlı mexanizmin yaradılması Azərbaycanda müsbət təsirlərini
göstərdi. Belə ki, ötən il keçirilmiş sorğular nəticəsində bəlli oldu ki, Azərbaycanda
AB ilə əməkdaşlığı dəstəkləyənlərin sayı birinci yerə qalxıb - 43 faiz. MDB-ni
istəyənlərin sayı isə azalaraq 15 faizə enib. Eyni zamanda bildirdi ki, son illərdə
baş verən proseslər göstərdi ki, "qonşuluq" AB üzvlüyünə aparmır.
Əslində bu proqram daha çox "qonşuluqda saxlamaq" hədəfini nümayiş
etdirir.
"İnanmıram ki, Azərbaycan, Gürcüstan,
Ukrayna, Moldova yaxın vaxtlarda AB-yə üzv qəbul olunsun", - deyən R.Musabəyov
Cənubi Qafqaz ölkələrinin problemlərinin həllində AB-nin və NATO-nun rolunun
artırılması tərəfdarıdır. O, Moldova ərazisindəki münaqişənin nizamlanmasında
AB-nin fəallaşdığını qeyd edərək bu prosesin gələcəkdə Qarabağ münaqişəsinin
nizamlanması ilə bağlı baş verməsini arzuladı. "Ola bilər ki, keçmiş
diplomatlar və siyasətçilər AB mandatı əsasında Qarabağ münaqişəsinin həllinə cəlb
olunsunlar. Bu yalnız fayda verərdi" deyən R.Musabəyovun fikrincə, bu gün
AB Azərbaycanla əməkdaşlıqda daha çox enerji məqsədlərinə üstünlük verir və bu,
təbiidir. Amma ekspert hesab edir ki, qalan sahələrdə də əməkdaşlığın güclənməsinə
ehtiyac var.
NATO üzvlüyünə gəldikdə, R.Musabəyov dedi ki,
Azərbaycanda rəsmi və qeyri-rəsmi ekspert şəbəkəsi ölkənin alyansa üzvlüyündən
kənar intensiv islahatlar keçirməsinin mümkünlüyü üzərində düşünməlidir.
"Bu indi daha vacibdir", - deyə o qeyd etdi.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin baş
direktoru İldırım Məmmədov "Avroatlantik məkan və Azərbaycanın təhlükəsizlik
prioritetləri" adlı məruzəsində NATO-nun tərəfdaş ölkələrlə mövcud əməkdaşlıq
siyasətinin dəyişdirilməsinə tərəfdar olduğunu dilə gətirdi. "Düşünürəm
ki, alyans tərəfdaşlığın daha da irəliləməsi istiqamətində ciddi qərarlar qəbul
etməlidir. Xüsusilə də islam ölkələri ilə münasibətlər prosesinə diqqət
yetirilməlidir. Azərbaycan bu prosesdə alyansa yaxşı dəstək verə bilər".
Politoloq Leyla Əliyeva Azərbaycanda müdafiə və
təhlükəsizlik sektorunda islahatların gecikdirildiyini dilə gətirdi.
"İnanmaq istərdim ki, məhz təhlükəsizlik məsələlərinə görə Azərbaycan
NATO-ya daha sıx inteqrasiya oluna bilmir. Bəs onda islahatlar niyə
gecikir?" deyən ekspertin sözlərinə görə, NATO və AB ilə əməkdaşlıq üzrə
reallığı Azərbaycan özü qurmalıdır: "Vaxtilə Cənubi və Şərqi Avropa ölkələrinin
bu istiqamətdə hədəfləri qeyri-real görünürdü. Amma onlar qarşılarına məqsəd
qoydular və ehtimalları reallığa çevirdilər".

Geri