AAMIK

AŞPA Komitəsinin Bakı iclası işinə başladı

Dünən Bakıda "Park Inn" otelində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Siyasi Komitəsinin ikigünlük iclası başlayıb. İclasda AŞ-dən 50-dən artıq deputat və 20 mütəxəssis iştirak edir. Gündəlikdə Çernoqoriyanın Avropa Şurasına üzvlüyü, Kosovodakı vəziyyət, İranın nüvə proqramı, AŞ-yə üzv ölkələrdə demokratiya və insan haqları kimi məsələlər, eləcə də Azərbaycan, Çeçenistan və Orta Asiya ölkələrindəki durumla bağlı məsələ durur. İclasda komitənin sədri, üzvləri, AŞ-dən olan digər nümayəndələr, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, nazirlər Ramil Usubov, Fikrət Məmmədov, Elmar Məmmədyarov və digər rəsmi şəxslər iştirak edirlər.

Siyasi komitənin sədri Əbdülqadir Atəş bildirib ki, Azərbaycan AŞ-yə qəbul edildikdən sonra siyasi komitə bu ölkədə ilk iclasını keçirir. O qeyd edib ki, siyasi komitə Ermənistan - Azərbaycan münaqişəsinin həllini tapmamasından narahatlıq keçirir. "Ermənistan - Azərbaycan münaqişəsinin həlli məsələsi AŞ PA siyasi komitəsinin gündəliyindədir. Bununla bağlı Avropa Şurası Parlament Assambleyası 1416 saylı qətnamə qəbul edib. Sənədin yerinə yetirilməsi çox vacibdir. Siyasi komitədə Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı alt komitə yaradılıb və deputat Rassel Conston məruzəçi təyin edilib. O, məsələnin üzərində ciddi çalışır. Hazırda Ermənistan və Azərbaycan parlamentarları görüşmək niyyətindədir". Ə.Atəşin sözlərinə görə, siyasi komitə ümumiyyətlə "Cənubi Qafqazda sabitlik" adlı qətnamə hazırlayaraq AŞ PA-ya təqdim edib: "Bu sənəd Ermənistan - Azərbaycan münaqişəsi, o cümlədən bölgədə siyasi barışıq baxımından mühüm sənəddir".
Siyasi komitə sədri ANS televiziyasının bağlanmasının söz azadlığı ilə bağlı narahatlığa yol açdığını bildirib: "O, ölkədə ilk böyük müstəqil televiziya kanalı idi. Azərbaycanın nazirləri ilə görüşümüzdə söz və mətbuat azadlığı məsələsini qaldıracağıq".
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov məruzə ilə çıxış edib. Ölkədə, regionda və dünyada baş verən mühüm hadisələrə Azərbaycanın baxışını açıqlayıb. O bildirib ki, ölkədə demokratiyanın inkişafı üçün beynəlxalq standartlara cavab verən mühüm qanunvericilik bazası var: "Hesab edirəm ki, qanunların icrası ilə məşğul olmalıyıq. Qanunların icrasına nail olsaq, yaxşı göstəricilərə nail olacağıq".
E.Məmmədyarov Ermənistan - Azərbaycan münaqişəsini ölkənin ən böyük problemi adlandırıb: "Azərbaycan və Ermənistan prezidentlərinin Minsk görüşü konstruktiv keçib. Ancaq hələ bilmək olmur ki, Ermənistan nə qədər səmimidir, danışıqların irəli getməsini, yoxsa parlament və prezident seçkilərində xalqından dəstək almaq istəyir".
O, işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyini deyib: "Qaçqınlar Dağlıq Qarabağın ətrafında olan rayonlara, o cümlədən Dağlıq Qarabağa, öz doğma evlərinə qayıtmalıdırlar. Əgər bu baş verərsə, danışıqların səmimiliyinə inanmaq olar, regionda əməkdaşlıq güclənər və Ermənistanla yolları da aça bilərik". O, AŞ PA-nın deputatlarına müraciət edərək, heç bir dövlətin ərazisinin işğalını qəbul etməməyə, etnik təmizləmə siyasətinə son qoyulması üçün tədbirlər görməyə çağırıb.
O, Türkiyə və Gürcüstanla Azərbaycanın strateji tərəfdaş olduğunu və çoxsaylı birgə layihələrdə iştirak etdiyini bildirib: "Qazaxıstanla əlaqələrimiz də sürətlə inkişaf edir. Türkmənistanla isə hələ ümumi dil tapa bilmirik. Xəzərin bölünməsi ilə bağlı eyni mövqedən çıxış etsək də, ümumi razılığa gələ bilmirik. Belə ki, biz dənizin bölünməsində adalardan hesablanma prinsipinə üstünlük veririk, Türkmənistan isə əksinə. İranın da Xəzərin bölünməsi ilə bağlı fikirləri ilə Azərbaycan razılaşa bilməz. Onlar dənizin beş sahil ölkəsi arasında bərabər bölünməsini istəyirlər. Belə olanda İranın payı Bakı buxtasınadək gəlib çıxar".
E.Məmmədyarov Azərbaycan, Gürcüstan və Ermənistanın Avropanın qonşuluq siyasətinə qoşulduğunu bildirib: "Azərbaycan öz qonşuları ilə münasibətlərdə səmimidir və inkişafa tərəfdardır. Rusiya ilə münasibətlərimiz çox ciddi inkişafdadır. Ticarət dövriyyəsi son ildə iki dəfə artıb. Hər iki ölkə xalqları və rəhbərləri arasında səmimi münasibətlər var. İranla yaxşı münasibətlərimiz mövcuddur. İki ölkə bir sıra layihələri, o cümlədən Şimal-Cənub dəhlizi layihəsini həyata keçirir. İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan Respublikasında yaşayanların sayından 3-4 dəfə çoxdur. Eyni ənənələrə malikik, eyni dildə danışırıq. Biz İranla Rusiya arasındakı iki müharibədən sonra bölünmüşük. İrana qaz verib, eyni miqdarda qazı Naxçıvanda alırıq. Azərbaycan Respublikasının Ermənistan vasitəsi ilə Naxçıvana gedişi olmadığından, kommunikasiyalar dağıldığından yeganə quru yolu İran vasitəsi ilədir. İranın nüvə məsələsinə gəlincə, Azərbaycan hesab edir ki, İranın nüvə enerjisindən sülh naminə istifadə etmək hüququ var. İranın nüvə məsələsi ilə bağlı münaqişəyə gəlincə, problem danışıqlar yolu ilə həllini tapmalıdır. Hesab edirik ki, İranla bağlı ritorik baxışlardan uzaqlaşmaq lazımdır".
E.Məmmədyarov demokratiyadan danışarkən, bunun bir alma alıb, onu kəsmək kimi asan məsələ olmadığını deyib: "Bu məsələdə tarixi ənənə, mentalitet, hətta dini baxışlar nəzərə alınmalıdır. Biz demokratiya məsələsində Avropa və Avrasiyaya inteqrasiya etmək istəyirik".
E.Məmmədyarov Rusiya deputatının Serbiyanın razılığı olmadan Kosovonun müstəqilliyinin elan edilməsi ilə Dağlıq Qarabağda keçirilən referendumun eyniləşdirilməsi baxımından verdiyi suala cavabda "Dağlıq Qarabağda keçirilən referendum heç nədir" deyə bildirib: "Nə ABŞ, nə Avropa Birliyi, nə Avropa Şurası, nə də hər hansı bir dövlət bu referendumu tanıyacaq. Bu, sadəcə, vaxt itkisidir. Bu, əsəblərlə oynamaqdır. Ərazidə yaşayan başqa xalqları çıxarandan sonra Dağlıq Qarabağda hər hansı bir referendum keçirilə bilməz. Referendum vəziyyəti daha da gərginləşdirməyə, həllə gedən yolu çətinləşdirməyə xidmət edir. Referendum yalnız Dağlıq Qarabağda 1988-ci il siyahıya alınmasınadək yaşayan insanlar oraya qayıtdıqdan sonra baş verə bilər".
"Turan"ın məlumatına görə, AŞ PA-nın monitorinq komitəsinin üzvləri Toni Lloyd və Andres Herkel siyasi komitənin Bakıda keçirilən iclasının iştirakçılarına Azərbaycanda söz azadlığının vəziyyətini müzakirə etmək çağırışı ilə müraciət ediblər. Məktubda ilk növbədə, ANS-in bağlanması, "Azadlıq" qəzetinin, "Turan" agentliyinin və digər KİV-lərin köçürülməsi, həmçinin bir neçə qəzetin, jurnalistlərin təqib edilməsilə əlaqədar narahatlıq ifadə edilib. Lakin AŞ PA Siyasi Komitəsinin rəhbəri Əbdülqadir Atəş AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin siyasi komitəyə başqa məktub göndərdiyini və burada məruzəçilər tərəfindən qaldırılan məsələlərin "siyasi olmadığı" qeyd edildiyinə görə, onun müzakirə olunmayacağını bildirib. Bununla belə, KİV-in vəziyyətinə dair məsələlər AŞ PA Monitorinq Komitəsi məruzəçilərinin hesabatında öz əksini tapacaq və bu qurumun dekabrın 13-də Parisdə keçiriləcək iclasında müzakirə ediləcək.
Bildirək ki, bu gün Bakıda AŞ PA Siyasi Komitəsinin iclasında Mərkəzi Asiyaya dair dinləmələr keçiriləcək. Görüşə region ölkələrindən ekspertlər dəvət edilib. Siyasi komitənin rəhbəri Əbdülqadir Atəşin dediyinə görə, dinləmələr AŞ PA və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi daşıyır.

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. Azərbaycan cəmiyyəti Avroatlantik məkana inteqrasiyaya üstünlük verir

  2. Azərbaycanda ilk dəfə “Söz və ifadə azadlığına ictimai dəstək” FORUMU təşkil olunur

  3. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  6. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  7. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  8. AAMIK mətbuat konfransı keçirdi

  9. Yunanıstan səfirliyində görüş

  10. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  11. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  12. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  13. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  14. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  15. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  16. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  17. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  18. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  19. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  20. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı