AAMIK

Referenduma yalnız Dağlıq Qarabağla Bakı arasında bağlanmış sülh sazişi çıxarıla bilər"

Eldar Namazovun fikrincə, ABŞ problemin həlli ilə bağlı ciddi şəkildə pərdəarxası səylər göstərir

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov hesab edir ki, son zamanlar fəallaşan Qarabağ danışıqlarının perspektivi böyük uğur vəd etmir. Onun fikrincə, danışıqlarda o qədər də ciddi uğurlar əldə edilməyib. "Ayna"ya müsahibəsində E.Namazov Qarabağ danışıqlarının gələcəyi barədə fikirlərini bölüşdü. Politoloq hesab edir ki, diplomatlar nə qədər bacarıqlı olsalar da, problem güclü Azərbaycanın ortaya çıxması ilə həll olunacaq.

- Son zamanlar Qarabağ danışıqlarının sonu barədə nikbin bəyanatlar səngimir. Danışıqlar prosesi barədə hansı qənaətləriniz var?
- Mənə elə gəlir ki, ilk növbədə həmsədrlərin mövqeyində müəyyən dəyişikliklər olub. ABŞ və Avropa problemin tezliklə həll olunmasına yönəlmiş çox ciddi pərdəarxası səylər göstərir. Həm Ermənistan rəhbərliyinə təzyiq göstərilir, həm də Rusiya ilə müəyyən razılaşmalara nail olmaq üçün ciddi işlər görürlər. Rusiyanın özündə də Minsk qrupu ilə bağlı yeni mərhələ başlana bilərdi. Bu da Gürcüstan və GUAM-la bağlı Rusiyanın çöx böyük narahatlığından irəli gələ bilər. Belə bir şəraitdə Rusiyada Azərbaycanı öz tərəfinə çəkmək, rəsmi Bakını Gürcüstan və GUAM məsələlərində tutduğu mövqedən çəkindirmək üçün Qarabağ məsələsində müəyyən irəliləyişlərin olması haqqında düşünürdülər.
Amma məndə olan informasiyalar onu deməyə əsas verir ki, hələlik çox ciddi irəliləyişə nail olunmayıb. Ona görə də tərəflər pozitiv bəyantlar verməklə yanaşı qeyd edirlər ki, hələ həll olunmamış məsələlər var. Yəqin ki, nəzərdə tutulmuş razılığa bu il artıq nail olmaq mümkün olmayacaq. Əsas danışıqlar 2007-ci ilin əvvəllərində gedəcək. Ancaq bir neçə ay ərzində Rusiya ilə Qərb, o cümlədən Rusiya ilə Azərbaycan ümumi razılığa gələ bilməsələr, o zaman Moskva tərəfindən Yerevana heç bir ciddi təzyiq olmayacaq. Məsələ dondurulmuş vəziyyətdə də qalacaq.
- Bəs prezidentin "münaqişənin həllinin son mərhələsindəyik" deməsi nə dərəcədə aktualdır?
- Bu bəyanatın, yəqin ki, əsası var. Dediyim kimi, Rusiya müəyyən şərtlər çərçivəsində Minsk qrupunda öz mövqeyini dəyişə bilər. Təbii, elə şərtlər var ki, Azərbaycan üçün məqbul deyil. Bu məsələ ətrafında da Rusiya - Azərbaycan, eyni zamanda, Rusiya - ABŞ danışıqları gedir. Prosesdə müəyyən dönüş yarana bilərdi, amma buna nail olunub-olunmayacağı böyük sual altındadır.
- Qarabağ probleminin həlli üçün qarşılıqlı güzəştlərin vacibliyi dönə-dönə vurğulanır. Azərbaycandan güzəşt istəməyi nə qədər ədalətli hesab etmək olar?
- Sülh danışıqları yalnız qarşılıqlı güzəştlər nəticəsində səmərə verə bilər. Əgər biz heç bir güzəştə getmək istəmiriksə, o zaman sülh danışıqlarının aparılmasının mənası yoxdur. Belə olan halda yalnız müharibə yolu qalır. Biz məsələni sülh yolu ilə həll etməyə cəhd göstəririksə, deməli, daxilən kompromislərə də hazır olmalıyıq. Sadəcə, bu məsələdə Azərbaycanın kompromislər limiti var. Bu limitə görə, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini pozan heç bir sazişə Bakı qol qoya bilməz. Başqa bir məsələ orada yaşayan ermənilərin özünü idarəetməsi məsələsidir. Onlara müəyyən muxtariyyət verilməsi, təhlükəsizliyinə həm Azərbaycan, həm də beynəlxalq qurumlar tərəfindən təminat vəd edilməsi və s. məsələlərin təmin olunması ilə bağlı ölkəmiz addımlar ata bilər. Amma ərazi bütövlüyümüzün pozulması müqabilində güzəştlərə gedə bilmərik.
- Azərbaycan Dağlıq Qarabağa ən yüksək status tipində muxtariyyət verməyə hazır olduğunu bəyan edib. Daha hansı güzəştlərdən söhbət gedir?
- Azərbaycan kifayət qədər aydın şəkildə mövqeyini ortaya qoyub. Biz tərəfdən ermənilərə geniş muxtariyyətdən başqa digər güzəşt ola bilməz. Bu güzəştin bir neçəsini mən söylədim. Məsələn, Rusiyanın ərazisində Tatarıstan tipli muxtar respublikalar var. Amma onların təhlükəsizliyinə təminatı Rusiya verir. Bizim əlavə güzəştimiz ondan ibarətdir ki, əgər ermənilərə muxtariyyət veriləcəksə, orada ermənilərə təhlükəsizlik qarantını təkcə Azərbaycan deyil, beynəlxalq qurumlar da verəcək. Bizim sadaladığımız güzəştlər ənənəvi güzəştlərdən kənara çıxır. Amma bu hallarda da ölkəmizin ərazi bütövlüyü şübhə altına alınmır və ona görə də biz buna gedə bilərik.
- Siz son vaxtlar tez-tez Rusiya dövlət nümayəndələrinin və ABŞ səfirliyinin düzənlədiyi qapalı tədbirlərə dəvət edilirsiniz. Fikrinizcə, hər iki dövlətin dolayı yolla demək istədikləri nədir?
- Son vaxtlar belə görüşlər tez-tez olur. Həqiqətən hiss olunur ki, indi Rusiya ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılır. Bu, bir çox problemlərlə bağlıdır. Buraya həm Rusiyanın daxilində gedən problemlər - jurnalist Politkovskayanın, Litvinenkonun qətli, bir sıra beynəlxalq sazişlərin faktik olaraq dayandırılması təsir göstərir. Eyni zamanda, Gürcüstandan və Moldovadan qoşunların çıxarılması, Rusiyanın Avropanın "enerji xartiyası"ndan imtina etməsi ilə bağlı hazırda Moskvanın ABŞ və Avropa ilə münasibətlərində yeni mərhələ başlanır, bu münasibətlərə yenidən baxılır. Hiss olunur ki, yaxın zamanlarda Rusiya öz seçimini etməlidir: Moskva ABŞ və Avropanın ya tərəfdaşı, ya da rəqibi kimi dünya siyasətində öz yerini tutacaq. Bir çox məsələlər 2008-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində kimin qalib gələcəyi ilə də bağlıdır.
- Qeyd etdiyiniz Rusiya-ABŞ münasibətlərindəki problemlər Minsk qrupuna öz təsirini göstərəcək. Son zamanlar Rusiyanın Qarabağ probleminin həllinə cəhd göstərməsini həmin "mövqe savaşı" hesab etmək olarmı?
- Rusiya bütün istiqamətlərdə öz milli maraqlarını təmin etməyə çalışır. Problem milli maraqları kimin necə başa düşməsindədir. Rusiyanın özündə bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Rusiya telekanallarında verilişlərə baxdıqda görürük ki, Rusiya özü axtarışdadır. Məsələn, Gürcüstanla bağlı siyasətdə rus ziyalıları hakimiyyətə etiraz etdilər. Əminəm ki, Qarabağ problemi ilə bağlı Rusiyanın tutduğu mövqeyə yenidən baxmağa böyük ehtiyac var.
- Dağlıq Qarabağda referendum məsələsi birmənalı qarşılanmır. Bu sistem bizim üçün vacibdirmi?
- Referendumla bağlı Azərbaycan cəmiyyətində bir çaşqınlıq yaranıb. Ona görə ki, bir neçə variantlı referendumdan söhbət gedir. Elə referendum keçirmək olar ki, bu, Azərbaycanın maraqlarına uyğun və ya zidd ola bilər. Ona görə də aydınlaşdırmaq lazımdır ki, söhbət hansı referendumdan gedir? Bir neçə variant ictimai rəydə səslənir. Ermənilər bu referendumun yalnız Dağlıq Qarabağda keçirilməsini və orada yalnız ermənilərin iştirak etməsini istəyirlər. İkinci variantda deyilir ki, qaçqınlar Dağlıq Qarabağa qayıtmalı və bundan sonra səsvermə keçirilməlidir. Üçüncü varianta görə, səsvermə bütün Azərbaycan ərazisində keçirilməlidir.
Referendumun dördüncü variantı da var. Bu varianta görə, Dağlıq Qarabağın statusunu referenduma çıxarmaq olmaz. Yəni yalnız Dağlıq Qarabağla rəsmi Bakı arasında bağlanmış sazişi referenduma çıxarmaq olar. Belə bir saziş olsa və onun altından rəsmi Bakı imza qoysa, o zaman onu həyata keçirmək üçün gərək sazişi Konstitusiyaya salaq. Bunun üçün də referendum keçirilməlidir. Qısası: Konstitusiyada bizi qane edən statusu əks etdirmək üçün referendum keçirilməlidir. Şəxsən mən bu variantın tərəfdarıyam. Azərbaycanın ərazi bütövlüyü məsələsi referenduma çıxarıla bilməz. Amma biz Dağlıq Qarabağda yaşayan ermənilərlə Azərbaycan daxilində muxtariyyət barədə razılığa gələ bilsək, həmin razılığı Konstitusiyaya salmaq üçün referendum keçirə bilərik.
- Bəzi müşahidəçilər Azərbaycanın separatçılarla birbaşa təmaslarını problemin həlli üçün zəruri sayırlar. Onlar hesab edirlər ki, Gürcüstan və Moldova kimi, rəsmi Bakı da Azərbaycan ərazisində olan separatçı hərəkatlarla birbaşa dialoq apara bilər. Niyə Dağlıq Qarabağ beynəlxalq qurumlar tərəfindən "əlahiddə olan münaqişə" kimi təqdim edilir?
- Siz çox ciddi məsələyə toxundunuz. Cənubi Osetiya, Moldovadan fərqli olaraq Azərbaycan ərazisində qonşu Ermənistanın qoşunları yerləşdirilib. O qoşunlar isə bizim torpaqları işğal ediblər. Həmin qoşunlar orada dura-dura bizim Dağlıq Qarabağ erməniləri ilə danışıqlara getməyimiz mənasız olar. Digər tərəfdən bu, Dağlıq Qarabağı Azərbaycana bərabərhüqüqlu tərəf kimi dünyaya çıxaracaq. Biz buna yol verə bilmərik. Ermənistan qoy öz qoşunlarını ərazilərimizdən çıxarsın, sonra biz Dağlıq Qarabağda yaşayan ermənilərlə danışıqlara başlayaq.
- Azərbaycan hakimiyyətinin danışıqlarda tutduğu mövqeyi necə dəyərləndirirsiniz?
- Bu, çox mürəkkəb sualdır. Hesab edirəm ki, Qarabağ probleminin həlli yalnız danışıqlarda iştirak edən diplomatların savadından və onların vətənpərvərliyindən asılı deyil. Dağlıq Qarabağ probleminin həlli Azərbaycan dövlətinin gücündən asılıdır. Ölkədə iqtidar və müxalifətin bu qədər bir-birinə düşmən mövqedə dayanması, insan haqlarının pozulması, korrupsiya bizim Qarabağla bağlı tutduğumuz mövqeyə böyük ziyan vurur və mövqelərimizi zəiflədir. Biz nə qədər güclü olsaq, problemin həllində o qədər də irəliyə gedə bilərik.
- Gələn il münaqişənin həllində irəliləyiş olacaqmı?
- Yaxın bir neçə ayda bu suala cavab tapılacaq. Yaxın aylarda proseslərdə ciddi irəliləyiş olmasa, o zaman növbəti dəfə danışıqlar üçün əlverişli məqam 2008-ci ildə - Azərbaycanda və Ermənistanda prezident seçkiləri başa çatdıqdan sonra yaranacaq.

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. Azərbaycan cəmiyyəti Avroatlantik məkana inteqrasiyaya üstünlük verir

  2. Azərbaycanda ilk dəfə “Söz və ifadə azadlığına ictimai dəstək” FORUMU təşkil olunur

  3. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  6. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  7. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  8. AAMIK mətbuat konfransı keçirdi

  9. Yunanıstan səfirliyində görüş

  10. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  11. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  12. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  13. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  14. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  15. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  16. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  17. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  18. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  19. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  20. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı